İtaliyanın tanınmış mebel istehsalçısı “Bamax” şirkəti “Chiza Architectural Bureau” ilə əməkdaşlıq etmək niyyətindədir

İtaliyanın tanınmış klassik və modern üslublu mebel istehsalçısı olan “Bamax” şirkətinin prezidenti Massimo Baron Azərbaycanın ilk və yeganə arxitektura bürosu olan “Chiza Architectural Bureau”nun ofisində olub.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən M. Baron bu səfərin tanışlıq xarakteri daşıdığını və Azərbaycanda rəhbəri olduğu şirkət üçün tərəfdaşlar axtarmaq və yeni əməkdaşlıqlar qurmaq niyyəti daşıdığını bildirib. Rəhbəri olduğu şirkət və istehsal etdikləri məhsullar barəsində “Chiza Architectural Bureau”nun rəhbərliyinə geniş məlumat verən M. Baron deyib ki, “Bamax” şirkəti 1970-ci illərdən fəaliyyət göstərir və onun atası tərəfindən yaradılıb və hazırda şirkətdə 70-dən artıq insanın işləyir.

M. Baron vurğulayıb ki, şirkət hər birinin 20 min kvadrat metr ərazisi olan iki fabrikdən ibarətdir. Bu gün İtaliya, İspaniya, Almaniya, Rusiya və bir sıra MDB ölkələrində nümayəndəlikləri olan “Bamax” şirkəti klassik, modern üslublu divar, yataq, mətbəx, qonaq otaqları üçün mebellər istehsal edir. Bu mebellər xüsusi sifarişlə əl ilə yığılır və bu zaman İtaliya incəsənətinin və mədəniyyətinin qədimliyi qorunur. Buna görə də bu mebellərin ikinci nüsxəsi, təkrarı və analoqu yoxdur və istehsal olunan hər bir mebel eksklüzivdir.

M. Baron mebel istehsalında Avropa və qoz ağacından, həmçinin torpaq və suyun qarışığından alınmış təbii rənglərdən istifadə olunduğunu bildirib. Mebel istehsalı zamanı rənglərin qamması və sifarişçinin istəyini nəzərə alınır. O, hər bir müştərinin Venesiyaya dəvət olunaraq istehsal prosesini və sərgi salonlarının izləmək imkanı yaradıldığını vurğulayıb. M. Baron gələcəkdə Azərbaycanda “Chiza Architectural Bureau” ilə sıx və yaxından əməkdaşlıq etmək və büronun həyata keçirdiyi yerli və beynəlxalq layihələrdə “Bamax” məhsullarının istifadə edilməsini arzulayıb.

Öz növbəsində “Chiza Architectural Bureau”nun rəhbərliyi də bir sıra İtaliya şirkətləri ilə olduğu kimi, “Bamax” şirkəti ilə əməkdaşlıqda maraqlı olduqlarını və gələcəkdə bu şirkətlə də sıx əməkdaşlıq münasibətlərinin yaranacağına ümid etdiklərini bildiriblər. Onlar “Bamax”ın istehsal etdikləri məhsulları Azərbaycanın zövqlü insanlarına təklif edəcəklərini söz veriblər.

Qeyd edək ki, Bamax” şirkətinin prezidenti Massimo Baronun “Chiza Architectural Bureau”nun nümayəndələri ilə görüşü Azərbaycan-İtaliya Ticarət Palatasının təklifi ilə baş tutub.