“Chiza Architectural Bureau”da “Favari” şirkətinin baş meneceri Mirco Favari ilə görüş olub

Bu günlərdə Azərbaycanın ilk və yeganə arxitektura bürosu olan “Chiza Architectural Bureau”nun ofisində Bakıda səfərdə olan İtaliyanın tanınmış eksklüziv mebel istehsalçısı “Favari” şirkətinin baş meneceri Mirco Favari ilə görüş keçirib.

Səmimi mühitdə keçən görüşdə M. Favari təmsil etdiyi şirkət haqqında ətraflı məlumat verərək bildirib ki, “Favari” şirkəti 1977-ci ildən fəaliyyət göstərir və müştərinin ancaq fərdi sifarişi ilə  qəbul olunmuş mətbəx, yataq, restoran, kitabxana mebellərinin istehsalı ilə məşğul olur.

M. Favari bildirib ki, şirkətin istehsal etdikləri mebellər şərq üslubundadır və bu gün Şimali Afrika – Mərakeş, Əlcəzair, Misir, həmçinin İtaliya, Fransa, bir sıra Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və MDB ölkələrində onların istehsal etdikləri mebellərə böyük tələbat var.

O qeyd edib ki, şirkət həmçinin 7-8 ildir ki, Barokko üsulunda da klassik mebellər istehsal edir və bu mebellərdə dünyanın tanınmış “Rubelli” və digər keyfiyyətli və bahalı parça növlərinin istehsalçısı olan şirkətlərin məhsullarından istifadə olunur. O, tanınmış modelyer və dizayner Armaninin evinin mebellərinin də “Favari” şirkətinin mebelləri və bu mebellərin istehsalında keyfiyyətli və bahalı “Rubelli” parçalarından istifadə olunduğunu vurğulayıb.

M. Favari Azərbaycana səfərinin məqsədinin buranın bir özünəməxsus Şərq ölkəsi olduğu və onun Şərq üslubunda istehsal etdiyi eksklüziv mebel modellərinə maraq doğuracağı ilə izah edib. O, son zamanlar olduqca böyük inkişaf yolu keçdiyini Azərbaycanda bir sıra mebel istehsal edən şirkətlərlə tərəfdaş olmaq və gələcəkdə əməkdaşlıq qurmaq niyyətində olduğunu bildirib.

“Favari” şirkətinin istehsal etdiyi məhsullar barəsində “Chiza Architectural Bureau”nun rəhbərliyinə geniş və ətraflı məlumat verən, həmçinin mebellərin istehsalında istifadə olunan ağac və parça növlərini əyani şəkildə nümayiş etdirən M. Favari bildirib ki, hətta mebellərin istehsalında qızıl və “Swarowski” kimi digər bahalı daş-qaşlardan da istifadə olunur. M. Favari gələcəkdə Azərbaycanda “Chiza Architectural Bureau” ilə yaxından əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. O, büronun həyata keçirdiyi layihələrdə “Favari” məhsullarının istifadə edilməsini arzulayıb.

“Chiza Architectural Bureau”nun bir sıra İtaliya şirkətləri ilə yaxından əməkdaşlıq edildiyi bildirilib. Həmçinin “Favari” şirkəti ilə əməkdaşlıqda maraqlı olduqlarını və gələcəkdə bu şirkətlə də sıx tərəfdaşlığın yaranacağına ümid ediləcəyi vurğulanıb. Büro rəhbərliyi “Favari” mebellərinin Azərbaycanda həyata keçiriləcək yeni layihələrdə istifadə ediləcəyi və zövqlü insanlarına təklif edəcəklərini deyiblər.